Xəbərlər
Genital Herpes
Genital Herpes yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə də keçə bilər.
Genital Herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir.
Genital Herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.