Xəbərlər

Burun Polipləri

Burun Polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir.

Daha çox əhalinin yetkin qismi arasında yayılmış bir patologiya olsa da, poliplər çox böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir. Belə hipertrofiyaların böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüsü tam pozur.

Burun poliplərinin əlamətləri əksər hallarda gec aşkar olunur. Adətən burun tutulması və nəfəsalmanın çətinləşməsi ilə başlayır. İlk mərhələdə bu əlamətlər keçici olsa da, zamanla proqressivləşir və xəstənin vəziyyəti çətinləşir. Burun tənəffüsünün pozulması tez-tez virus və bakterial infeksiyaların baş verməsinə səbəb olur. Bundan əlavə burun polipozundan əziyyət çəkən xəstələr xoruldamağa başlayır. Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə, gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir.