Xəbərlər
Sızanaqlar
Sızanaqların əmələ gəlmə səbəbləri çoxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.
Dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, stresslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.)
Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.