Xəbərlər

Mövsüm xəstəlikləri

Müxtəlif orqan və sistemlərin xroniki xəstəliklərinin kəskinləşmələri kimi payız fəslində sinir sistemi də əziyyət çəkə bilər. Payız kəskinləşmələrinə ilk növbədə psixoloji həssas və emosional insanlar məruz qalır. Günəşli günlərin kəskin olaraq yağmurlu və küləkli günlərlə əvəzlənməsi, tez-tez baş verən atmosfer təzyiqi dəyişkənliyi, gündüz saatlarının qısalması və s. belə halların yaranma səbəblərindəndir.

Kimlər sinir sistemi xəstəliklərinin kəskinləşmələrindən qorunmalıdır?

Sinir sistemi xəstəliklərinin kəskinləşmələri yaş və cinslə əlaqədar deyildir. Daimi stress kəskinləşməni tətikləyə bilər. Keçirilmiş travma və yaxud digər xəstəliklərlə bağlı da yarana bilər. Daha bir səbəb ümumi narkozdur. Belə ki, bəzi insanlar ümumi narkozdan sonra baş beyin dövranı pozulması nəticəsində sinir sisteminin kəskinləşməsi ilə üzləşir.

Sinir sistemi xəstəliklərinin kəskinləşmələrindən necə qorunmaq olar?

Payız mövsümündə sinir sisteminin yuxu pozulması, ruh düşkünlüyü və s. kimi problemləri ortaya çıxır. Bunlardan qurtulmaq üçün:

  • sinir sisteminin funksional vəziyyəti üçün sakitləşdirici preparatlar qəbul etmək;
  • payızın əvvəlindən vitamin, mikroelement qəbuluna başlamaq (tərkibində maqnezium, kalium və sinkin olmasına diqqət edilməlidir);
  • bol tərəvəz və meyvə istifadə etmək;
  • vaxtında yuxuya getmək və oyanmaq. Yuxu zamanı sinir sistemi daha yaxşı bərpa olur və orqanizm yeni şəraitə-uzun gecə, qısa gündüz, soyuq hava, atmosfer təzyiqi dəyişməsinə adaptasiya edir.
  • mütəmadi fiziki aktivliyə başlamaq müsbət emosiyaların yaranması üçün çox əhəmiyyət kəsb edir. Elə idman növü seçilməlidir ki, hər məşq sevinc, şuxluq, gümrahlıq bəxş etsin, üzücü məcburiyyət olmasın.