Xəbərlər
Mədə və onikibarmaq bağırsaq xorası olan xəstələr üçün xüsusi pəhriz qaydaları
Belə xəstələr müntəzəm pəhriz saxladıqda,lazımı dərmanlar qəbul etdikdə onları heç bir təhlükə gözləmir. Qida rejiminə əməl etmədikdə isə xəstəlik kəskinləşərək ağırlaşır,nəticədə qanaxma, xoranın deşilməsi və peritonit baş verə bilər. Çox vaxt xoranın yeri çapıqlaşır və mədədən onkibarmaq bağırsağa keçid daralır, həzm prosesi çətinləşir. Xora olan insan mütləq pəhriz saxlamalıdır. Bu xəstəlik zamanı pəhriz çox böyük müalicəvi rol oynayır. Beləki xora xəstəliyi olan insan daha tez-tez və kiçik porsiyalarda qida qəbul etməlidir. Bütün qidalar ilıq halda qəbul olunmalıdır (soyuq və qaynar qidalar qadağandır). Qidalar əsasən buxarda bişirilməlidir və yumşaq şəkildə (püre,sıyıqlar və s.) olmalıdır.
Kəskin,duzlu,qızardılmış, turş, yağlı qidalar, spirtli içkilər, kolbasa məmulatları, konservləşdirilmiş qidalar, mayalı xəmir (piroq,bulka), dondurma, qazlı sular rasiondan tam çıxarılmalıdır.
Pəhrizə yağsız toyuq, mal, dana əti, balıq, sıyıqlar (qarabaşaq, manna, yulaf, düyü), süd məhsulları (yağı az olan xama, yoqurt, kəsmik), tərəvəzlər, meyvələr (turş növlərindən başqa), bitki yağları, kərə yağı (az miqdarda), ağ boyat çörək (qara cörək yox) daxil oluna bilər.
Çalışın hər zaman öz səhhətinizə fikir verəsiniz.Unutmayın,bu həyat bizə bir dəfə verilir.Gəlin,Allahın bizə verdiyi bu əmanəti layiqli şəkildə qoruyaq!