Xəbərlər

Dodaqlarda herpes

Bəzən insanların dodaqlarında xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərin səbəbi 1-ci tip herpesdir (sadə herpes). İlin soyuq aylarında dodaqlarda herpesin əmələ gəlməsi ehtimalı artır. Herpes virusdur. Həkimlərin araşdırmalarına əsasən, dünyada insanların 90% bu virusun daşıyıcısıdır. Herpes hava-damcı, cinsi yolu ilə və uşaq ana bətnində olarkən anadan uşağa keçir. Məhz bu səbəbdən insanların əksəriyyətində bu herpes var.

Lakin herpes insanların təxminən 30%-də özünü büruzə verir, digərlərində isə heç vaxt büruzə vermir. Bunun səbəbini həkimlər genlərdə görür. Genlərin müəyyən birləşməsi insanda bu infeksiyaya olan həssaslığını artırır. Bu səbəbdən bəzi insanlar herpesin nə olduğunu bilmir, bəziləri isə bütün həyatı boyu onunla mübarizə aparır.

İnsan orqanizminə düşdükdə herpes dəri və selikli qişalarının hüceyrələrində məskən salır. Uzun müddət ərzində (hətta insanın ömrünün axırına kimi) herpes özünün heç bir əlamətlə büruzə verməyə bilər. Lakin insanın immuniteti müxtəlif səbəblərə görə (stres, xəstəlik, soyuqlama və s.) endikdə herpes özünü dodaqlarda çıxan ağrılı qaşınan səpgilərlə göstərir.

Belə yaralar insanın səhhətinə ciddi ziyan vurmasa da, kosmetik defekt yaradır ki, insanlar tez bir zamanda ondan qurtulmağa çalışır. Lakin herpes tez-tez təkrar olunduqda (ayda 1 dəfə), mütləq xüsusi müalicə kursu almaq lazımdır. Bunun üçün immunoloq və ya infeksonist həkimlərinə müraciət etmək lazımdır.