Xəbərlər
İtdirsəyi və onun müalicəsi haqqında
İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.
Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.
Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır. Müalicə antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.
Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliant yaşılı (“zelyonka”), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!
İrin əmələ gəldikdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!