Xəbərlər

Bağırsaq necə işləyir?

Horra şəkilli yarımçıq həzm olunmuş qida kütləsi – ximus - kiçik paylarla mədədən, nazik bağırsağın əvvəli hesab edilən onikibarmaq bağırsağa daxil olur.
Mədəaltı vəzinin və öd kisəsinin axarları da onikibarmaq bağırsağa daxil olur. Burada mədəaltı vəzi şirəsinin və ödün təsiri altında zülalların, yağların və karbohidratların həzm prosesi başa çatdırılır. Daha sonra qida nazik bağırsağa daxil olur ki, burada da qidanın sadə maddələrə qədər həzm edilməsi, ən əsası isə bu maddələrin qana və ya limfaya sorulması baş verir. Sonra isə bu maddələrdən insan orqanizminin hüceyrə və toxumaları qurulur. Nazik bağırsaqda insan orqanizmi üçün tələb olunan vitaminlər və minerallar (duzlar) da sorulur. Nazik bağırsaq – həzm sisteminin əhəmiyyətli hissələrindən biri hesab olunur və orqanizmin sağlamlığı bir çox hallarda onun vəziyyətindən asılı olur.

Daha sonra maye şəklində olan qida qalıqları yoğun bağırsağa daxil olur. Yoğun bağırsaqda duzlar və suyun sorulması baş verir, orqanizm tərəfindən istifadə olunmayan qida qalıqları isə kütlə halında yığılaraq bərkiyir və bağırsağın peristaltikası (dalğavari hərəkəti) nəticəsində orqanizmdən xaric edilmək üçün anal (arxa) dəliyə doğru hərəkət etdirilir.