Xəbərlər
Böyümüş adenoidlər təhlükəlidir
Adenoidlər - burun boşluğunun ağız boşluğuna keçdiyi yerdə limfatik toxumaların toplusudur. Orqanizmdə adenoidlər mühafizə rolunu oynayaraq mikrob və infeksiyaların bədənə daxil olmasının qarşısını alır. Adenoidit - adenoidlərin iltihabıdır.
Uşaq anadan olarkən adenoidlər öz ölçülərinə görə kiçik olurlar. Lakin müəyyən şəraitdə onların ölçüləri böyüyə bilər. Həddən artıq böyümüş adenoidlər uşağın inkişafına və sağlamlığına böyük zərər gətirə bilər. Çətinləşmiş burun tənəffüsü nəticəsində uşaqda baş ağrıları əmələ gəlir, yuxusu və iştahası pozulur, o tez yorulur, məktəbdə dərslərindən geri qalır.
Usaq tez-tez iltihabi xəstəliklərə tutularsa, adenoidlərin ölçüləri böyüyür, onlar iltihablaşır - irinləşir və adenoidit əmələ gəlir. İltihablaşmış adenoidlər daimi infeksiya mənbəyinə çevrilərək uşaqlarda daha tez-tez hallarda KRVİ, anginalar, otitlər (orta qulağın iltihabı), bronxlar və ağ ciyər xəstəliklərinin baş verməsinə səbəb olur.
Adenoidit zamanı adenoidlərdəki iltihabı aradan götürmək üçün uşağın burnuna xüsusi antiseptik məhlullar damcılanır (bu zaman uşaq arxası üstə uzadılmış və başı da arxaya əyilmiş olmalıdır).
Əgər adenoiditin müalicəsi effekt vermirsə, böyümüş və iltihablaşmış adenoidləri cərrahi yolla xaric edirlər. Belə əməliyyatları uşaqlarda, adətən, 3 yaşından sonra aparırlar. Təəssüf ki, əməliyyatdan sonra xəstə toxumanın ən kiçik hissəsi belə, yerində qalmış olarsa, bu toxumadan yenidən adenoidlər inkişaf edir. Bu səbəbdən belə əməliyyatları yalnız bu əməliyyatların aparılmasında böyük təcrübəyə malik olan çox savadlı LOR cərrahlarına etibar etmək lazımdır. Hal-hazırda adenoidləri daha tez-tez hallarda endoskopik yolla xaric edirlər (kiçik kameranın köməkliyi ilə həkim bütün prosesi dəqiqliklə monitorda izləyir). Belə əməliyyatlar zamanı adenoidlər millimetr dəqiqliyi ilə tam şəkildə xaric edilir. Bu zaman xəstə toxuma qalması və yenidən əmələgəlmə ehtimalı heçə enir.