Xəbərlər
Sifilis
Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun treponemadır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir.
Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mehrabları, bütləri öpməklə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması “məişət sifilisi” adlanır.
Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür.
Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-veneroloqa müraciət etmək lazımdır.