Xəbərlər
Angioqrafiya nədir?
Angioqrafiya termini 2 yunan sözündən yaranıb - «angeion» - damar və «grapho» - yazmaq. Angioqrafiya qan damarların rentgenoloji müayinəsidir.
Bu müayinə həkimlərə xəstənin damarların vəziyyətini, orada olan pozulmaları dəqiq qiymətləndirməyə imkan verir. Nəticədə isə xəstəyə lazım olan və daha təsirli müalicə təyin olunur ki, bu müalicənin effektivliyindən xəstənin tək sağlamlığı deyil, hətta həyatı asılı olur.
Angioqrafiyanın müxtəlif növləri var. Bu məqalədə biz ürək damarlarının müayinəsi üçün istifadə olunan angioqrafiya növündən məlumat vermək istərdik.
Müayinə bu kimi hallarda xəstəyə təyin oluna bilər:
- xəstədə tez-tez təngnəfəslik və ürək nahiyyəsində ağrılar təkrar olunur (bu bir çox hallarda ürək damarlarının daralması ilə izah olunur);
- xəstədə hər hansı ürək xəstəliyi aşkar olunub, təyin olunmuş müalicə effekt vermir, xəstəliyin simptomları (stenokardiya və s.) isə daha da güclənir;
- xəstədə anadangəlmə ürək qüsurlarına şübhə yaranıb;
- xəstədə ürək çatışmazlığı simptomları (təngnəfəslik, öskürək, tezləşmiş ürək döyünməsi və s.) inkişaf edir;
- ürək damarlarında aparılan cərrahiyyə əməliyyatlarından əvvəl və sonra və bəzi digər hallarda.
Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və qan və sidik analizləri verməlidir. Bu müayinə üçün bəzi əks-göstərişlər də mövcuddur - kəskin iltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri, müayinə zamanı istifadə olunan maddələrə (yod tərkibli maddələr) kəskin allergik reaksiyaların olması, tromboflebit və s.
Ürək damarlarının angioqrafiyası zamanı xəstənin bud nahiyəsinə xüsusi kateter yeridilir. Müayinə yerli ağrısızlaşdırma ilə keçirilir ki, xəstə, demək olar, heç bir ağrı və s. narahatçılıq hiss etmir. Daha sonra kateterlə rentgenkontrast maddə (adətən yod tərkibli maddə) verilir. Maddə insan orqanizmi üçün ziyansızdır. Lakin bu maddə allergik xüsusiyyətlərə malikdir və bu səbəbdən allergik reaksiyalarına meylli olan insanlar bu haqda həkimə məlumat verməlidir. Kontrast maddə damarlarda axdıqca kompüter böyük sürətlə rentgen şəkilləri çəkir və nəticədə monitorda damarların dəqiq "surəti" əmələ gəlir. Bu şəkilləri analiz etdikdə həkim damarlarda olan trombları, aterosklerozu, digər pozulma və patologiyaları aşkar edir.
Müayinə qurtardıqdan sonra kateter damardan çıxarılır.
Əgər müayinə zamanı xəstədə ciddi pozulmalar aşkar olunarsa, damarların normal keçiriciyini bərpa etmək üçün angiorqafiya zamanı damara stent (damarların divarlarını aralayan xüsisi kiçik yay) yerləşdirilə bilər.
Müayinədən sonra xəstə adətən bir neçə saat ərzində klinikada həkimlərin nəzarətində qalır. Xəstənin damarına stent yerləşdirdikdə, xəstə 1 gün ərzində klinikada qalmalıdır.