Xəbərlər

Qlaukomanın simptomları və müalicəsi

Qlaukoma hiyləgər xəstəlikdir – illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir. İnsan tədricən kor olmasını heç təxmin etmir, “əhəmiyyətsiz” əlamətləri isə yaşı və yaxud yorğunluğu ilə izah edir.
Unutmayın, erkən başlanan müalicə daha effektli olur. Xəstəliyin ilkin nişanələrindən olan aşağıdakı hallara diqqət yetirin:

  • gözdə ağırlıq hissi, sancı, “təzyiqdən şişmə” hissi;
  • oxuma və ya seyr etmə zamanı tez yorulmaq;
  • gözlərin sulanması;
  • dumanlı görmə, göz qarşısında “tor” və ya “nöqtələr”in olması;
  • hava qaralan zaman görmə zəyifliyi;
  • işıq mənbəyi, məsələn işıqlanan lampaya baxdıqda bəzən göz qarşısında rənbərəng dairələrin görünməsi;
  • qaş, alın, gicgah nahiyyəsində və ya başın bir yarısında ağrı.

Yuxarıda qeyd etdiyimizdən başqa, eynəyi tez-tez dəyişmək də qlaukomadan şübhəli haldır. Əlbəttə, həmin narahatlıqlar digər bir xəstəliklə də əlaqəli ola bilər, lakin bunlardan biri sizə “tanış gəlirsə”, hökmən göz həkiminə müraciət edin!
Qlaukomanın müalicəsi.Qlaukomanın növündən asılı olaraq, həkim-oftalmoloq konservativ və yaxud cərrahi müalicə yolunu seçir.Konservativ müalicə bir sıra həkim təyinatlarından, o cümlədən, gözdaxili təzyiqi azaldan xüsusi göz damcılarından ibarət olur. Unutmayın ki, müalicəni yalnız həkim təyin etməlidir! Göz damcılarını və digər dərmanları özbaşına seçmək, təyin və ya ləğv etmək, eləcə də miqdarını dəyişməklə gözlərinizə geri qaytarılmaz ziyan vura bilərsiniz!
Bir sıra hallarda isə cərrahi müalicə təyin edilir. Müasir dövrdə əməliyyat xüsusi lazer avadanlığı ilə də keçirilə bilər.
Qlaukomalı xəstələr ambulator qeydiyyata alınmalı və heç bir şikayəti olmadığı halda 3 aydan bir planlı müayinə olunmalıdırlar. Digər xəstəliklərdə olduğu kimi, qlaukumanın da erkən aşkar və müalicə olunması vacibdir. Lakin xəstələrin həkimə olduqca gec, fəsadlaşmış xəstəliklə müraciət etməsi heç də nadir hal deyil. Belə olduqda isə görmə qabiliyyətinin bərpası çox vaxt mümkün olmur.
Qaranlıq və zəif işıqlandırılmış otaqlarda olmaq zərərlidir – belə yerlərdə göz bəbəyi genəlir və gözdaxili təzyiq artır. Eləcə də kino, kompyuter və televizordan sui-istifadə etməyin.
Kitab oxumaq və gözlərdən yaxın məsafədə əl işi görmək isə xeyirlidir – göz bəbəyi daralır və gözdaxili təzyiq azalır.
Bir sıra dərman vasitələri, məsələn, atropin əks-göstərişdir. Buna görə də, həkimlərə müraciət edərkən, onlara qlaukomalı xəstə olduğunuz haqda məlumat verin.

Göz əzələləri üçün aşağıdakı hərəkətləri yerinə yetirmək tövsiyyə olunur:

1. Oturaq vəziyyətdə, başı hərəkətsiz saxlayaraq:

  • baxışı əvvəl döşəməyə, sonra tavana yönəltmək və bunu 10-12 dəfə təkrar etmək;
  • əvvəl sağdakı divara, sonra soldakı divara baxmaq və bunu 10-12 dəfə təkrar etmək;
  • gözlərlə dairəvi hərəkətlər etmək - əvvəl saat əqrəbi istiqamətində, sonra əks istiqamətdə, bunu da 4-6 dəfə təkrar etmək.

2. 20 saniyə ərzində tez-tez göz qırpmaq.

3. Hər iki gözün üst qapağına 1-2 saniyə ərzində ehmalca basmaq gözdaxili mayenin dövr etməsini yaxşılaşdırır.