Xəbərlər
Qara ciyər kistaları
Bəzən hər hansı digər pozulma ilə bağlı keçirilən USM və ya tomoqrafiya zamanı insanın qara ciyərində təsadüfən kista aşkar edilir. Bu halda nə etmək lazımdır?
Adətən belə kistalar, həqiqətən, təsadüfən aşkar edilir, özünü heç bir simptomla büruzə vermir və insanın səhhətinə heç bir mənfi təsir etmir. Statistikaya əsasən, qara ciyər kistaları insanların 1%-ndə təsadüf edilir. Qadınlarda belə kistalar kişilərlə müqayisədə daha tez-tez hallarda əmələ gəlir. Statistikaya əsasən qara ciyər kistaları 30-50 yaş arasında daha tez-tez əmələ gəlir.
Qara ciyər kistası xoşsassəli boşluqlu törəmədir. Əksər hallarda kistanın içində iysiz şəffaf maye olur. Kistalar qara ciyərin müxtəlif paylarında, qara ciyərin üzərində və ya dərində yerləşə bilər. Kistanın diametri bir neçə millimetrdən başlayaraq 25 və daha artıq sm-ə kimi ola bilər. Böyük ölçülərdə olan kistalar qarının birtərəfli böyüməsinə, iştahasızlığa, bədən çəkisinin azalmasına, sarılığa, ürəkbulanmasına, təngnəfəsliyə səbəb olur.
Kistaların dəqiq əmələ gəlmə səbəbi tibbdə hələ ki məlum deyil. Tibbdə bu kimi səbəblər qeyd edilir:
- bətndaxili dövründə inkişaf edən bəzi pozulmalar;
- iltihab;
- travma;
- hormonal preaparatların uzun müddət ərzində qəbulu;
- bəzən belə kistalar digər xəstəliklərin fonunda (qara ciyər sirrozu, öd daşı xəstəliyi, böyrəklər polikistozu və s.) əmələ gəlir.
Qara ciyərdə kista aşkar olunduqdan sonra mütləq qara ciyər xəstəliklərində ixtisaslaşmış cərraha müraciət etmək lazımdır. Məsələ burasındadır ki, bəzən digər daha təhlükəli xəstəliklər adi kista ilə səhv salına bilər. Bu halda yalnız mütəxəssis bəzi kiçik əlamətlərə əsaslanaraq düzgün diaqnoz qoya bilər. Qara ciyərdə kistanın əmələ gəlmə səbəbi exinokokk qurdu da ola bilər. Bu qurd orqanizmə keyfiyyətsiz,natəmiz qida və su ilə daxil olaraq, qan axını ilə qara ciyərə çatır və burada yaşamağa başlayır. Vaxt keçdikcə qurd böyük ölçülərə çatır, qara ciyəri sıxır, onun fəaliyyətini pozur. Exinokokk kistaları yalnız cərrahiyyə yolu ilə müalicə olunur.
Bəzən qara ciyərdə adi kista yox ,kista şişi təyin oluna bilər. Adi kistalardan fərqli olaraq belə şişlər vaxt keçdikcə bir çox hallarda xərçəngə çevrilir. Bu səbəbdən belə kista aşkar olunduqdan sonra mütləq xaric olunmalıdır.
Lakin bir çox hallarda qara ciyərdə aşkar olunmuş kista təhlükəli olmur. 4-5 sm-ə kimi olan kistalar adətən heç bir xüsusi müalicə tələb etmir və onlara sadəcə daim nəzarət etmək lazımdır (müəyyən fasilələrlə USM-dən və mütəxəssisin müayinəsindən keçmək).
Əgər qara ciyər kistasının ölçüsü 5-6 sm-dən böyükdürsə, kista müxtəlif pozulmalara səbəb olursa (kistanın irinləməsi, yırtılması, burulması, qanaxma, qarında ağrılar, hərarətin qalxması və s.), onun ölçüləri tez böyüyürsə, bu halda cərrahiyyə müalicəsi tələb oluna bilər.
Hal hazırda belə əməliyyatlar adətən laparoskopik üsulla həyata keçirilir və bunun nəticəsində bərpa dövrü daha qısa olur və daha asan keçir.