Xəbərlər

Revmatizm təhlükəli xəstəlikdir

Revmatizm ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası
(əksər hallarda “angina” - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.
Xəstəlik keçirilmiş “anginadan” 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri - yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.
Kəskin revmatizmin təhlükəliliyi ondan ibarətdir ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürək döyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər.
Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılma ürək qüsuru formalaşa bilər.
Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez “angina” ilə xəstələnən uşaqlar mütəmadi olaraq kardioloq-revmatoloqun nəzarəti altında olmalıdırlar (ürək qüsurları şəklində fəsadlaşma olmaması üçün).
Revmatizm xəstəliyinin profilaktikası (xüsusən ailələrində revmatizm xəstələri olanlarda) çox zəruridir. Bunun üçün uşaqların immunitetini yüksəltmək (immunomodulyatorlar, vitamin kompleksləri, müalicəvi bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və s.) lazımdır.
Belə uşaqları soyuqdəymədən, ağır fiziki gərginlikdən qorumaq, orqanizmdə daimi infeksiya ocaqları - karioz dişləri, xroniki tonzilliti (“anginanı”) müalicə etmək lazımdır. Tez-tez keçirilən “angina” (ildə 1 dəfədən artıq) revmatizmə aparan birbaşa yoldur. Uşaqlarda xroniki tonzillitlərin müalicəsini aparmaq, onların orqanizmini möhkəmləndirmək (fizioterapevtik müalicələrin aparılması, immunomodulyatorlardan istifadə edilməsi, soyuq yeməklərin və içkilərin qəbul edilməsinə qadağa qoyulması və s.) lazımdır.
Əgər profilaktik və müalicəvi tədbirlər görməyinizə baxmayaraq uşaq yenə də ildə 3-4 dəfə angina ilə xəstələnirsə, mütləq badamcıqların kəsilməsi barədə pediatr (uşaq həkimi) və LOR (qulaq-burun-boğaz) həkimi ilə məsləhətləşin!