Xəbərlər

Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya

Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya —- ağciyərin tez-tez təsadüf edilən xəstəliyi.
Gedişinə görə kəskin və xronik olur.

Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39—40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sançır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rənki alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dqiqədə 100—120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxusu çəkilir, dilinin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur. Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətləiir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır. Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.