Xəbərlər

Xocalı soyqırımıdan 23 il keçir!

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet hakimiyyəti dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1988-ci ildən başlamış Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və faciəli hadisələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Badbiyar, Xatın, Liditse, Sonqimi faciələri ilə eyni səviyyədə durur.

Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərilərin yaşadıqları ikinci böyük yaşayış məntəqəsidir. 1990 -cı ildə şəhər statusu almışdır. 1991-ci ilin məlumatına görə, əhalisini 7 min nəfər azərbaycanlı təşkil edirdi. Bu şəhərdə 1988 -ci ilin sentyabrın 18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlılar, 1989 - cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

Dağlıq Qarabağda yeganə təyyarə meydanı Xocalıda yerləşirdi.

Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi. Elektrik enerjisi yox idi. Xocalının xarici aləmlə əlaqəsi 1991- ci ilin noyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 - ci ilin yanvarın 28-də ermənilər tərəfindən Dağlıq Qarabağ üzərində Azərbaycan Hava Yolları Dövlət şirkətinə mənsub Mİ-8 markalı mülki vertolyot vurulduqdan və vertolyotda 40-dan artıq azərbacanlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilmişdir.

1992- ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum etmişlər. Xocalıya artileriya və ağır hərbi texnikadan atəş açılmış, şəhərdə güclü yanğınlar başlamış, şəhər tamamilə alova bürünmüş, yerlə yeksan edilmişdir. Hücumda ermənilər tərəfindən mayor Seyran Ohanyanın komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1 – ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50 – dən artıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D – 30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir. İstintaqla müyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına geə saat 22 radələrində basqın etmiş, əvvəlcə şəhəi şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı tanklar, PDM və bronetransportyorlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vahiməyə salaraq onları vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq, qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq, tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər.  Şəhərin müdafiəçiləri və yerli əhali şəhəri tərk etməyə məcbur olmuşdur. Fevral ayının 26-ı səhər saat 5 - ə qədər şəhər zəbt edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə, kimi isə yaxınlıqda azərilərin yaşadığı Ağdam şəhərinə üz tutmuşdu. Naxçıvanik kəndi yaxınlığında, açıqlıq ərazidə dinc əhali ermənilər tərəfindən güllələndi və onlara amansız divan tutuldu.

Azğınlaşmış erməni cinaytəkarları azerbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş əhalini də yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə öldürürdülər.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəst olanların 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlanlar və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmişdir.