Xəbərlər
Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru akademik Zərifə Əliyevanın doğum günüdür
Görkəmli oftalmoloqun anadan olmasının 92-ci ildönümü tamam olur.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifi idi. Alim onlarca elmlər doktorunun və elmlər namizədinin rəhbəri olub. Akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.