Xəbərlər

Şuşa işğalının 23-cü ili

Mayın 8-də Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsinin – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 23 ili tamam oldu. 1992-ci il mayın 8-də ermənilər Şuşanı işğal etməlıə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.

Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. İşğal nəticəsində rayonun 20 mindən çox əhalisi didərgin düşdü.

Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir bölgə deyil. Şuşa Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. İşğal nəticəsində Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.