Xəbərlər
Damarları təmizləməyin ən sadə yolları
Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir.
Damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edirik.
Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:
- Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.
- Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır.
- Yağlı və piyli ət məhsullarından imtina edilməlidir. Daha çox quş əti və balıq məhsullarına üstünlük verilməlidir.
- Gündəlik qida rasionuna az miqdarda olsa da qoz, fındıq, badam və ya püstə daxil edilməlidir.
- Sutka ərzində orqanizm ən azı 200-300 qram meyvə və tərəvəz qəbul etməlidir.
- Xolesterinin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malik olan sarmısaqdan gündəlik istifadə etmək lazımdır.
- Spirtli içkilərdən və siqaretdən imtina etmək mütləq şərtlərdən biridir.
- Gün ərzində ən azı 40 dəqiqə piyada gəzmək, orqanizmin fiziki aktivliyi təmin edilməlidir.
- Qan laxtalanmasının qarşısını almaq üçün sutka ərzində heç olmasa 2 litrə qədər adi qazsız su qəbul edilməlidir.