Xəbərlər

Qaraciyər sirrozu

Qaraciyər sirrozu – qaraciyərin xroniki və proqressivləşən xroniki xəstəliyidir. Bu zaman normal qaraciyər hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Təbii olaraq bunun nəticəsində qaraciyər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir.

Qaraciyər sirrozunun əsas əlamətləri: zəiflik, bədən çəkisinin azalması, sarılıq, dəridə olan qaşınma, qarının həcminin (ölçüsünün) artması və sairə.

Qaraciyərin öz funksiyasını itirməsi nəticəsində qaraciyər çatışmazlığı yaranır. Qaraciyər sirrozunun bu günə olan yeganə tam müalicə üsulu qara ciyər köçürülməsidir.

Qaraciyər sirrozunun əsas səbəbləri:

  • Qaraciyərin kəskin və xroniki virus xəstəlikləri: B, C, D hepatitləri;
  • Alkoqol. Alkoqol mənşəli qara ciyər sirrozu - uzun müddət ərzində alkoqollu içkiləri xeyli miqdarda qəbul edən insanlarda əmələ gəlir. Sirrozun bu forması, adətən, əvvəllər mövcud olan alkoqol mənşəli hepatit fonunda inkişaf edir;
  • Qaraciyərin medikamentoz zədələnməsi: medikamentoz hepatit;
  • Qaraciyərin parazitar (qurdlar tərəfindən törədilən) xəstəlikləri: exinokokkoz və s.;
  • Öd ifrazedici sistemin xəstəlikləri;
  • Maddələr mübadiləsinin anadangəlmə pozğunluqları: qalaktozemiya, orqanizmdə yağ mübadiləsinin pozulması və s.;
  • Autoimmun pozğunluqlar. Qaraciyər sirrozunun bu forması immun sistemi fəaliyyətinin pozulması nəticəsində baş verir. Bu zaman immun sistemi qaraciyər hüceyrələrini yad hüceyrələr kimi qəbul edərək onlara qarşı mübarizə aparır. Nəticədə qaraciyər hüceyrələri məhv olaraq birləşdirici toxuma ilə əvəz olunurlar;
  • Digər orqanların xəstəlikləri: ürək çatışmazlığı və s.

Xəstəliyin gedişinə və proqnozuna görə bir-birindən fərqlənən qaraciyər sirrozunun bir neçə növü vardır.

Qaraciyər sirrozu çox ləng sürətlə inkişaf edir və ilk dövrlərində simptomsuz da keçə bilər.

Sonrakı gecikmiş mərhələlərində qaraciyər sirrozunun aşağıdakı əlamətləri qeyd olunur:

  • Yorğunluq, zəiflik, iş qabiliyyətinin azalması, yuxuculluq;
  • İştahanın itməsi, çəkinin azalması;
  • Sarılıq - bədən dərisinin, gözlərin sklerasının, ağız boşluğunun selikli qişasının saralması;
  • Əllərin iç səthinin qızarması – bu sahənin dərisinə qan axınının artması nəticəsində onların dərisi çəhrayı rəng alır;
  • Dəridə qaşınmanın yaranması – bəzən dözülməz olur, axşamlar artır;
  • Kapillyar damar ulduzları – dərinin bəzi sahələrində kapillyar damarlardan ibarət olan ulduz və ya hörümçək pəncəsinə bənzər izlər əmələ gəlir. Onlar təzyiq edilərkən itir, təzyiq aradan götürülən kimi yenidən qanla dolurlar.
  • Qanaxmalara meyllilik – travmalar zamanı qanaxma uzun müddət ərzində dayanmır, bir çox hallarda dəridə göyərmiş sahələr əmələ gəlir;
  • Qaraciyər sirrozunun əsas əlamətlərindən biri portal hipertenziya sindromudur. Bu hal qapı venasında (qarın boşluğu üzvlərindən qanı qaraciyərə gətirən vena) təzyiqin artması nəticəsində baş verir. Qapı venasında təzyiqin artması səbəbindən qan qarın boşluğu üzvlərində ləngiməyə başlayır. Nəticədə qarın boşluğunda maye yığılması baş verir və qarın şişməyə başlayır. Bu, assit adlanır.
  • Qaraciyər xəstəlikləri – yaşadığımız dövrdə ölüm hadisələrinin ən çox təsadüf edilən səbəblərindən biridir.