Xəbərlər
Qaşınma
Qaşınmanın ən geniş yayılmış səbəbi dərinin quru olmasıdır. Bu, əsasən yaşlılarda tər və piy vəzilərinin funksiyasının zəifləməsi ilə bağlıdır. Dərinin qurumasına həmçinin ilin soyuq aylarında və A, C və B qrup vitaminlərinin çatışmamazlığı zamanı təsadüf olunur. Qaşınma hissiyatı dərinin bir sıra kəskin və xronik xəstəliklərində, məsələn; çəhrayı dəmirov, ekzema, psoriaz, kontakt dermatiti, bir sıra allergik xəstəliklərdə və.s. yaranır. Stress, həyəcan, sinir sistemi oyanıqlığının artması, narahatlıq da qaşınmaya səbəb ola bilər. Psixikanın bir sıra pozğunluqlarında və psixostimulyatorlardan sui-istifadə etdikdə də qaşınma hissi yarana bilər.
Bəzən hamiləlik zamanı, xüsusən də hamiləliyin II yarısında qaşınma hissi yaranır. Bunun səbəbi mütləq aydınlaşdırılmalıdır. Qaşınma günəş yanıqları və fotodermatit zamanı da müşahidə olunur. Eyni zamanda yayda çirklənmiş su hövzələrində çimərkən insanda serkariya adlı helmintlərin sürfələrinin dəri təbəqəsinə daxil olması nəticəsində qaşınma yarana bilər. Bu parazit insan orqanizmində yaşaya bilməsə də dəridə səpgilər və qaşınma yarada bilər.
Serkariyalardan fərqli olaraq buğumayaqlı parazitlərin nümayəndələri olan bitlər və qoturluq gənəsi insan dərisində yaşayaraq güclü qaşınma hissi yarada bilirlər.
Dəridə qaşınmanın səbəbi heç də həmişə dəri və dəridəki parazitlərlə bağlı olmur. Bir sıra daxili xəstəliklərdə də qaşınma müşahidə olunur. Şəkərli diabet və qalxanabənzər vəzi xəstəlikləri zamanı yaranan maddələr mübadiləsi pozğunluqları da qaşınma hissi yaradır. Qaraciyər və öd yolları xəstəliklərində ödün evakuasiyasının pozulması dəri örtüyünün saralması ilə bərabər qaşınma da yaradır. Qan və qanyaranma sisteminin bir sıra xoş və bədxassəli xəstəlikləri də, məsələn; dəmirdefisitli anemiya, polisitemiya, limfoma və.s. qaşınma ilə müşahidə olunur. Bəzi autoimmun və onkoloji xəstəliklər də qaşınmaya səbəb olur.
Bəzən intim nahiyyələrdə qaşınma yaranır. Uşaqlıq yolu nahiyyəsində qaşınmaya kandidoz, bakterial vaginoz və mikrofloranın digər pozuntuları səbəb ola bilir. Anal nahiyyədə qaşınma isə babasil, çatlar, qurd invaziyaları, gigiyena qaydalarına əməl olunmaması və əksinə ifrat təmizkarlıq nəticəsində yaranır.
Nəhayət, qaşınma bir sıra dərman preparatlarının qəbulu, məsələn; tiryək qrupu analgetikləri və barbituratların qəbulu nəticəsində, eyni zamanda istənilən dərman preparatlarının qəbuluna cavab olaraq yaranmış allergik reaksiya ilə bağlı yarana bilər.
Hər bir halda qaşınmanın səbəbi həkim tərəfindən müəyyənləşdirilməlidir. Qaşınmanın müalicəsi qaşınmaya səbəb olan amildən asılı olur.