Xəbərlər
Genital herpes
Genital herpes çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və dəsmallardan istifadə etməlidirlər!
Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir.
Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər.
Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin soyuması, qızışması, yorulması, stresslər keçirilməsi, digər infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilər.
Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.
Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara da səbəb ola bilər.