Xəbərlər
Qalxanvari vəzi üçün xeyirli olan qidalar
Qalxanvari vəzi orqanizmin normal fəaliyyəti üçün çox vacib olan hormonları ifraz edir. Bu hormonlar orqanizmin, demək olar, bütün orqan və sistemlərinə (sinir, ürək-damar, cinsiyyət, immun sistemləri, qara ciyər və s.) təsir edir. Məhz bu səbəbdən qalxanvari vəzi "orqanizmin dirijoru" adlandırırlar.
Qalxanvari vəzi hormonlarının istehsalı üçün orqanizmə mütləq yod mikroelementi lazımdır. Qalxanvari vəzi hüceyrələri qandan yod molekullarını tutur və öz hormonlarının istehsalında istifadə edir.
Yod orqanizmdə yığılmır. Orqanizmə hər gün yod daxil olunmalıdır. Bu mikroelement bir çox qida məhsullarında var.
Yod elementi ilə bu qida məhsulları xüsusilə zəngindir:
- bütün dəniz məhsulları (balıq, krevet, kalmar, dəniz yosunları)
- meyvələr (feyxoa, xurma, banan, alma, qara qarağat, ərik, portağal, çiyələk)
- tərəvəzlər(lobya, kələm (ağ kələm, gül kələmi, brussel kələmi), pomidor, sarımsaq, turp, kartof, yaşıl noxud, kahı, göbələk)
- qoz-fındıq (qoz, fındıq, badam, keşyu və s.)
- digər məhsulları arasında bal, qarabaşaq yarması, yumurta yodla zəngindir.
Qalxanvari vəzi üçün çox xeyirli təbii dərman - bal və qoz qarışığı. 1 stəkan qoz xüsusi qozçəkən maşınında xırdalanır və 1/2 stəkan balla qarışdırılır. Bu dərmanı gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Yodun müəyyən hissəsini insan həm də xüsusi yodlaşdırılmış duzdan ala bilər. Nəzərinizə çatdıraq ki, yodlaşdırılmış duzda yod təxminən 6-9 ay ərzində saxlanılır (istehsal tarixindən sayılır). Bu müddət keçdikdən sonra bu duzda yod olmur. Bundan əlavə yod yüksək hərarətin təsirindən dağılır və bu səbəbdən duz qidanın hazır olmasına yaxın və ya tam hazır olduqdan sonra qidaya əlavə olunmalıdır.
Yodun çatışmazlığı zamanı qalxanvari vəzi fəaliyyətində pozulmalar inkişaf edir. Bu pozulmalar isə öz növbəsində müxtəlif orqan və sistemlərinə "vurur". Hamiləlik zamanı yod çatışmazlığı uşağın inkişafında çox ciddi əqli və fiziki pozulmalara səbəb olur.
Orqanizmin yoda olan gündəlik tələbatı:
- 1 yaşına kimi uşaqlar - 50 mkq
- 1 yaşından 6 yaşına kimi uşaqlar - 90 mkq
- 7 yaşından 12 yaşına kimi uşaqlar - 120 mkq
- 12 yaşından yuxarı olan uşaqlar və böyüklər - 150 mkq
- Hamilə və uşaq əmizdirən qadınlar - 200 mkq
Mənbə: Saglamolun.Az