Xəbərlər
Hamiləliyə hazırlıq
Hamiləlik zamanı baş verə biləcək fəsadların və müxtəlif inkişaf qüsurları ilə doğula biləcək uşaqların sayını mümkün qədər azaltmaq üçün hamiləliyə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu hər 2 iştirakçı tərəfə, yəni qadın və kişiyə aiddir.
Tərəflər ilk növbədə qan qrupu və rezus-faktorlarını müəyyən etməlidirlər.
Belə ki, qadının qanı rezus-mənfi, kişinin qanı rezus-müsbət olarsa, hamiləlik zamanı rezus-konflikt baş verməsi müayinəsi ilə müəyyən etmək tələb olunur. Belə ki, əgər qadın hamiləiyə qədər süni uşaqsalma, cərrahi əməliyyatına məruz qalıbsa, ona qan köçürülübsə və ya hamiləlik 1-ci deyilsə, onun qanında xüsusi rezus-anticisimlərin (əks-cisimciklərin) əmələ gəlmə ehtimalı olur.
Hamiləlikdən qabaq qadın və kişinin QİÇS, hepatit B və C, sifilis, xlamidioz, toksoplazmoz, mikoplazmoz, sitomeqalovirus, herpes (I və II tip sadə herpes virusları), məxmərək və digər infeksion və virus xəstəliklərinin laborator müayinəsindən keçmələri də məsləhət görulur. Müayinələrin nəticələri həkimə təqdim edildikdən sonra, tələbat olduğu halda, hamiləliyə qədər olan müddət ərzində müalicə kursu almaq və peyvəndlərin (missal üçün, məxmərəyə, B hepatitə qarşı) olunması lazım ola bilər.
Son zamanlar yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da həkim-genetikin baxışı məsləhətdir.